Mehman ustadan dəyərli məsləhətlər

Порций:   Время приготовления:

13023350_1142583402439392_2054509064_nƏziz dostlar, saytımızın qonağı, televiziya kanallarından Mehman usta kimi tanıdığımız məşhur aşpaz Mehman Hüseynovdur. 

Mehman usta, gərgin iş qrafikinizə rəğmən təklifimizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik.

Əksinə məni sayıb, seçdiyiniz üçün Siz sağ olun. Saytınızın ölkəmizdən uzaqda fəaliyyət göstərdiyini öyrəndim. Fürsətdən istifadə edib, xaricdə yaşayan bütün həmvətənlərimi salamlayıram.

Uzun illərdir öz sahənizdə kifayət qədər tanınır və sevilirsiniz. Sizin kimi məşhur aşpaz olmaq istəyənlərə nə məsləhət görərdiniz?

Düşünürəm ki, tək bu sahədə deyil, istənilən peşədə tanınmaq və uğur qazanmaq üçün ilk növbədə seçdiyin sənəti sevməlisən. Daim yeniliklərə can atmalısan. Mən kulinariyanı sonsuz dəryaya bənzədirəm.  Ora baş vurduqca yeni yollar kəşf edirsən. Peşəkar aşpaz olmaq istəyən gənclər, öncə mütaliə etməlidirlər. Satışda Kulinariyaya aid ədəbiyyatlar var, mütləq alıb oxusunlar. Eləcə də, digər  xalqların mətbəxi, yeməkləri ilə maraqlansınlar.  Fantaziyalarını zənginləşdirsinlər. Ən əsası ilə xörəyi sevgi və səbrlə hazırlasınlar. Yeməyin nazını çəkməsən, istədiyin ləzzəti əldə etmirsən.

FB_IMG_1460749658406

Deyirlər kişilər yeməkləri qadınlardan daha dadlı bişirir. Buna münasibətiniz?

Qətiyyən, bu fikirlə razı deyiləm. Hər şey insanın əlinin duzundan asılıdır. Kişi aşpazlar tanıyıram ki, yemək hazırlama qaydası da, süfrəyə verməyi də olduqca zövqsüz və səliqəsizdir. Onu da qeyd edim ki, xörəyin ləzzəti insanın xarakterindən də asılıdır. Bəzi kişi aşpazlarımız spirtli içki içib, yemək bişirirlər. İnanın ki, o xörəyin dadı da bərbad olur. İçkili halda mətbəxə keçib, yemək hazırlamağı heç kimə məsləhət görmürəm.

FB_IMG_1460749638454

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ailədə kişi aşpazdırsa, yeməkləri də o hazırlayır. Lakin Siz müsahibələrinizin birində qeyd etmişdiniz ki, evdə bütün xörəkləri xanımınız bişirir. Həyat yoldaşınıza mətbəxdə heçmi kömək etmirsiniz?

Mənim evdə yemək hazırlamağa heç zamanım olmur. Çünki bütün günüm işdə xörək bişirməklə keçir. İşdə hazırladıqlarımı isə, evə gətirməyi sevmirəm.  Həm də, xanımım çox ləzzətli yeməklər bişirir. Onun da, çox gözəl əl qabiliyyəti var. Mən əslən İsmayıllı rayonundanam. Əsasən rayona gedəndə, təbiətin qoynunda, zövq ala-ala yemək bişirməyi çox xoşlayıram.

Usta, bir çox gənc xanımlarımız ailə quranadək qayğanaq da bişirə bilmirlər. Ailə qurduqdan sonra isə mətbəxdə uzun və acı təcrübə keçirlər. Onları cəsarətləndirmək üçün nə məsləhət görərdiniz?

Bu halla çox rastlaşıram. Hətta şagirdlərim arasında nişanlı xanımlar çoxdur. Ailə qurana yaxın heç olmasa bir neçə xörəyin hazırlanma qaydasını öyrənmək istəyirlər. Sonradan bu sənəti elə mənimsəyirlər ki, öz peşələrini atıb, aşpaz kimi fəaliyyət göstərirlər. Xanımlarımız bilsin ki, həvəs olandan sonra, insanın bacarmayacağı heçnə yoxdur. Düşünsünlər ki, hazırladıqları dadlı yeməklərlə həyat yoldaşlarını sevindirəcəklər. Məncə bundan böyük stimul ola bilməz.

FB_IMG_1460749725376
Hər bir aşbazın mətbəxdə kiçik hiylələri var. Əminəm ki, siz də,  istisna deyilsiniz. Bəlkə evdar xanımlarımızla ümumiyyətlə yemək bişirməyi sevən oxucularımızla dəyərli məsləhətlərinizi bölüşəsiniz?

Bu təcrübə ilə əlaqəlidir. Kulinariyanın ucu- bucağı yoxdur. Mətbəxdə hər bir vəziyyətdən çıxış yolu var, sadəcə biraz kobud səslənsə də deməliyəm ki, baş işlətmək lazımdır. Məsələn əsəbi olanda heç vaxt yemək bişirmirəm, çünki, hazırladığım hər bir xörəyin körpə uşaq kimi nazı ilə oynayıram. Əsəbi olanda isə bu alınmır. Bir də, xanımların ən çox verdiyi bir sual var: Soğanı necə doğrayaq ki, gözümüz göynəməsin? Soyduqdan sonra suyun içərisinə qoyub, biraz gözləyin, və nəticəni görün.

Mehman bəy, bir daha Sizə minnətdarlığımızı bildirib, işinizdə uğurlar arzu edirik!

FB_IMG_1460749815612

Qeyd: Hörmətli sayt izləyicilərimiz, Sizin də, Mehman ustaya sualınız varsa, saytımızda qeydiyyatdan keçib, suallarınızı bizə yollayın. Həftə ərzində bütün suallarınız Mehman Hüseynov tərəfindən cavablandırılacaq. Eləcə də artıq saytımızda Mehman ustanın bir-birindən ləzzətli reseptlərini də, paylaşacağıq. 

FB_IMG_1460749781166FB_IMG_1460749677906FB_IMG_1460749591309FB_IMG_1460749549519FB_IMG_1460749531634

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий